İMANLA İSLAM ARASINDA ƏLAQƏ
Mьəllif: admin1
Tarix: 1-01-2017, 10:56
İMANLA İSLAM ARASINDA ƏLAQƏ
İslam dedikdə, bəzən insanı Allaha tam təslim etmək istəyən “dinlər”, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Muhəmmədin (s) haqq olmasına “dildə şəhadət vermək”, bəzən də “iman” nəzərdə tutulur və “Yunus” surəsinin 84-cü ayəsində buyurulur:

وَقَالَ مُوسَى يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللّهِ فَعَلَيْهِ تَوَكَّلُواْ إِن كُنتُم مُّسْلِمِينَ

“Musa dedi: Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və təslim olmuşsunuzsa, Ona təvəkkül edin!”

Ümumi şəkildə belə demək olar ki, İslam “təslim” deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək onu iqrar edib şəhadət verməkdən, bədəni və rəftarı ilə İslamı qəbul etmək Allah-Taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq şəkildə qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir və hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən dildə, bəzən əməldə görünür. Qurani-Kərim belələrini batində kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

Qurani-Kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, imanla İslam bir-birinə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu haqda yazır: “İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili “Bəqərə” surəsinin 131-ci ayəsidir:

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

“Rəbbi İbrahimə “(Əmrimə) təslim ol!” – dedikdə, o, “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab verdi.” Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması anlaşılır və burada həzrət İbrahimə (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.

İSLAMIN DƏRƏCƏLƏRİ

Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək. “Hücurat” surəsinin 14-cü ayəsində bu haqda buyurulur:

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ

“(Bdəvi) ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz İslamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdətidir)...”

İkinci dərəcə: Qəlbən Allah-Taalaya və dini məsələlərə ümumi iman gətirib tabe olmaq. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. “Zuxruf” surəsinin 69-cu və “Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: Qəlbən Allah-Taalanın əmr və qadağalarını bütün xırdalıqlarına qədər qəbul etmək və Ona təslim olmaq. Bu dərəcədə insan elə razılıqla Allaha baş əyir və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu gözlə görmürsə də, elə hiss edir ki, Allah onu görür. İnsani keyfiyyətə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, itaət etmək, razı qalmaq, zahid və təqvalı olmaq və s. bu dərəcənin xüsusiyyətlərindəndir.

Dördüncü dərəcə: İnsan öz vücudunu sözün əsl mənasında Allahın ixtiyarında qoyur. Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilir. Bəzi alimlər İslamın bu dərəcəsini “böyük İslam” adlandırmışlar. (“Risaleyi seyr və süluk”, Seyid Bəhrülülum, səh.74; “Əl-mizan”, 1-ci cild, səh.283-284 və 301-303.)

İslam və imanla bağlı aşağıdakı iki rəvayəti diqqəti cəlb edir:

1. Məsum rəhbərlərdən (ə) “İnsanın “mömin” adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda buyurmuşlar: “Haqq Allahdan başqa, heç bir məbud olmamasına şəhadət vermək, yeganə Allahdan savayı, heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.” (“Məcməül-bəhreyn”, səh.499, “Səngi” çapı.)

2. İmam Sadiq (ə) buyurmuşdur: “Bəzən Allahın bəndələri möminlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mömin ola bilmirlər. Belə isə, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun imanla müştərək cəhətləri var. (Allah-Taalanın qadağan etdiyi) kiçik və böyük günahlara qurşananlara “iman” (mömin) deyil, yalnız “İslam” (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və “istihlal” halı küfrə sövq edər. “İstihlal”ın mənası Allahın halalını haram, haramını isə halal bilməkdir... Bu zaman onlar İslamdan çıxıb küfr vadisinə daxil olarlar.” (“Üsuli-kafi”, 3-cü cild, səh. 44-45.)

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar möminlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə bu mərifət yoxdur. Onlar ya şəkk-şübhə, nadanlıq və güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaqla bağlı maneələr deyil, bəzən əxlaqi və psixoloji amillər də öz təsirini göstərir.

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930