Hüseyn (ə) qanının nəticəsi
Mьəllif: admin1
Tarix: 26-10-2016, 11:10
Hüseyn (ə) qanının nəticəsi

Belə bir sual ortaya çıxa bilər ki, Yezidi devirməyin imkansız olduğu bilinəndən sonra imam nə üçün mübarizəsini dayandırmadı?
Konkret olaraq, Aşura gününü təsəvvür edək: Artıq kufəlilərin xəyanəti bəllidir, Müslim öldürülüb, imamı ürəkdən istəyənlər oturublar evlərində və İbn Ziyad Kufədən minlərlə döyüşçü toplayıb İmam Hüseyni öldürməyə göndərib. Döyüşün aqibəti də bəllidir. Belə bir şəraitdə imam nə üçün beyət etmir? Hansı amil səbəb olur ki, o, özündən sonrakı imamlar kimi beyət etməsin? Yeziddən sonrakı xəlifələr arasında çox cinayətkar, zalım və ləyaqətsiz olanlar az deyil. Məsələn, Abbasi xəlifələrindən olan Mütəvəkkil çox qaniçən olub, Əhli-beyt tərəfdarlarına çoxlu zülmlər edib, amma İmam Hadi ona beyət etdi, onunla vuruşmadı.
Qısaca bunu deyə bilərik ki, İmam Hüseyn (ə) birinci vəzifəni göstərdi. Məlum olduğu kimi, İslamda birinci və ikinci hökmlər var. Acından ölmək üzrə olan bir insanı təsəvvür edin. Onun qarşısında haram bir qida var, məsələn, donuz ətindən hazırlanmış bir kolbasa var. Onu yeməsə, öləcək. Bu zaman deyirlər ki, donuz ətini yeməyin birinci hökmü haramdır, amma məsələn, ölüm təhlükəsi yarandıqda ikinci hökm kimi onu yemək hətta vacibdir. Yəni ikinci hökm və ikinci vəzifə müəyyən qeyri-normal şəraitə aid vəzifədir.
Müaviyənin ölümü və Yezidin xilafət iddiası nəticəsində İmam Hüseyn (ə) üçün yaranmış şərait çox yeni idi, ondan öncə qarşıya çıxmamışdı. Və o, bəlli mövqeyi ilə öyrətdi ki, zalım qarşısında birinci vəzifəniz ona beyət etməməkdir, onu dəstəkləməməkdir.
İmam Hüseyn həm də şüurlu şəhiddir, kor-koranə şəkildə gedib canından olmadı, nəticəni nəzərə aldı, xeyri-zərəri ölçdü və qiyamının canını qorumaqdan da əhəmiyyətli və vacib olduğunu təyin etdi.
Sual yarana bilər ki, məgər zülmü dəstəkləməmək məsələsi bu qədər yeni idimi ki, İmam Hüseyn bundan ötrü bütün əzizlərinin canından keçdi? Məgər Quranın az qala hər səhifəsi zülmün və zalımın pisliyindən, ədalətin və onu bərqərar etmənin yaxşılığından danışmır?! Məgər Peyğəmbərimiz çoxlu hədislərində buna toxunmayıb, zalıma etirazı və məzlumu müdafiəni tapşırmayıb?! Bəli, bunlar doğrudur, amma bütün bunlarla yanaşı, İslam cəmiyyəti o qədər tənəzzül etmiş və Quran dəyərlərindən o qədər uzaq düşmüşdü ki, Yezid kimi birisinə beyət edirdi və deyirdi ki, artıq xilafət kürsüsünə oturubsa, ona itaət göstərmək vacibdir. Deyirdilər ki, xəlifə nə edir-etsin, biz ona yalnız nəsihət verə bilərik, o da təklikdə, cəmiyyət içində yox. Nəsihətə qulaq asmayıb cinayətlərini davam etdirsə də özü bilər, Allahı bilər, vəssalam. Yəni müsəlman fərdin siyasi hüquq və azadlıqları belə bərbad durumda idi. İmam Hüseyn bu duruma və bu rəzil sükuta qarşı fəryad etdi. İmam Hüseyn insan köləliyinə və İslam adı altında aparılan kölələşdirmə siyasətinə etiraz etdi. Aşuradan sonra etirazlar oldu, qiyamlar oldu, nisbətən ədalətli dövlətlər də quruldu. Təsəvvür edirsizmi, bu günün özündə də müsəlman hakimə açıq etirazı haram sayan firqələr var. Tarix boyu müxtəlif firqələrdə bu, müzakirə mövzusu olub, amma Əhli-beyt məzhəbində belə mövzu olmayıb və onlar İmam Hüseynin qiyamı sayəsində belə uydurmalara inanmayıblar.
“İmam Hüseyn (ə) İslamı diriltdi, İslamı yaşatdı” sözünün mənası budur. İnsanları qul olmağa sürükləyən bir din həqiqi din ola bilməz. Allah heç vaxt müsəlmanları köləliyə sövq etməz. Peyğəmbərimiz öz dövründə heç kimi özünə qul etməyə çalışmayıb. Quran buyurur ki, Peyğəmbər insanların üzərindən ağır yükləri götürür və zəncirləri açır. Yəni Peyğəmbər insanlara azadlıq bəxş etməyə gəlib. Gəlib ki, ağır zəncirləri açıb əzilən insanları azadlığa çıxarsın, onları zülmün boyunduruğundan xilas etsin. Həmçinin İmam Əlinin dövlətində biz müstəsna azadlıqlar görürük, insan haqlarına hörmət görürük. İmam Hüseyn (ə) bu amallardan ötrü özünün və əzizlərinin canından keçdi, hər şeyini qurban verib sanki İslamın cansız bədəninə ruh verdi. Buna görə də, İmam Hüseyn azadlıq şəhidi, insan hüquqlarının şəhidi, insan ucalığının, insan adına hörmətin şəhididir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031