“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi
Mьəllif: admin1
Tarix: 19-09-2016, 23:45
“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi

1. Maraqlıdır, Quran ədəbiyyatında “cihad” sözü bu gün zehinlərə yeridilən “döyüş/ hərbi əməliyyat” anlamında deyil.
Quran döyüş anlamını ifadə etmək üçün “Qital” sözündən istfadə edir ki, bunun da Quranda xüsusi bir fəlsəfəsi, şərtləri var. Zənnimcə, Quranın qəbul etdiyi “Qital” anlayışı əqli baxımdan müdafiəolunan və tamamilə ictimai bir zərurətdir, belə ki, onun mahiyyətini hər bir insanın qəbul etdiyi məşhur əxlaqi “qızıl qayda” təşkil edir: “Başqaları ilə elə davran ki, onların da səninlə o cür davranmasını istəyirsən”. Quranın dili ilə desək, “Sizinlə vuruşanlarla (=qital edənlərlə) siz də Allah yolunda vuruşun (=qital edin), lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!“. “Cihad” sözü lüğətdə çətinliyi, məşəqqəti özündə ehtiva edən hansısa bir səy, cəhd, təlaş, fəaliyyət anlamını ifadə edir. Bu əsasla, insan hansısa bir işdə çaba, cəhd göstərirsə, demək, cihad edir. Cihad sözündə əsla “döyüş” anlamı yoxdur. Bu, sonrakı zamanlarda ona yüklənən hərbi-siyasi bir anlamdır. Elə buna görə də, Quranda harda “cihad” sözü və ondan törənən kəlmələr işlənirsə, heç birində açıq-aşkar bir əlamət belə yoxdur ki, onun “döyüş” anlamında olduğunu göstərsin. Ancaq, bunun əksinə olaraq, “Qital” sözü belə deyil. Həm sözün leksik anlamı (=döyüşmək), həm də içərisində işləndiyi kontekstlər açıq-aydın onun hərbi əməliyyat mənasını ifadə etdiyini göstərir. Başqa sözlə, Quranda “cihad” və “qital” sözlərinin işdəlilmə keyfiyyətinə baxdığımız zaman anlayırıq ki, “cihad” sözündə həmişə özünü və ya başqasını haqqa və ya batilə doğru istiqamətləndirməyə çalışmaq elementi vardır. Belə ki, bəzən, yaxşı adamlar kimisə haqqa doğru istiqamətləndirməyə çalışırlar, bəzən də pis adamlar kimlərisə batilə doğru yönləndirməyə cəhd edirlər. Həmçinin insan özünü də qeyd olunan iki tərəfdən birinə doğru öz azad istəyi ilə istiqamətləndirməyə çalışa bilər. Deməli, “cihad” sözü kiminsə həyatına son qoymaq anlamına gəlmir, əksinə, onu canlı olaraq saxlayıb müəyyən bir tərəfə doğru (haqq və ya batil) yönəltmək deməkdir. Bu mənada “cihad” dinc fəaliyyət hesab olunur. Lakin “qital” sözü isə belə deyil. Qital bu anlamda səni qətlə yetirmək istəyəni zərərləşdirmək anlamındadır.

2. İlk olaraq gəlin, nümunə olaraq, “qital” ilə bağlı olan aşağıdakı bir neçə ayəni nəzərdən keçirək:

a) “Döyüş (=qital) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi…” (Bəqərə: 216)

b) “Haram olan ayda döyüş (=qital) haqqında səndən soruşanlara söylə: “O ayda döyüş (=qital) böyük günahdır…” (Bəqərə: 217)

c) “…Onlara döyüş (=qital) vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Döyüşü (=qital) nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!”(Nisa: 77)

Quranın heç bir ayəsində “Cihad sizə vacib edildi” deyimi yoxdur. Bu əsasla, Quranın harsında döyüşdən danışılırsa, orada “cihad” deyil, “qital” sözündən istifadə edilir. Bir sözlə, Quran ədəbiyyatı “döyüş” anlayışını ifadə etmək üçün yeni bir termin və ya anlayış ixtira etməyib. Əksinə, hər bir dildə “döyüş/ hərbi əməliyyat” anlayışı hansı sözlə ifadə edilirsə, Quranda da bu sözün qarşılığı ərəbcədə “qital” kimi keçir. Bu da tamamilə normaldır.

3. İndi isə gəlin, “cihad” və bu sözdən alınan kəlmələrin işləndiyi ayələrə nəzər salıb, yuxarıda qeyd etdiyim məna işığında onları oxumağa çalışaq:

a) Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr(=cihad etsələr), onlara itaət etmə…(Ənkəbut: 8) Loğman surəsində isə qeyd olunan ayədəki göstərişin davamı olaraq “dünyada onlarla gözəl keçin” əmri də qeyd olunur (Loğman: 15)

b) Bizim uğrumuzda çalışanları (=cihad edənləri) mütləq, öz yollarımıza hidayət edəcəyik. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Ənkəbut: 69)

c) Hər kəs çalışsa (=cihad etdisə), ancaq özü üçün çalışar (=cihad edər). Allah aləmlərə əsla möhtac deyildir. (Ənkəbut: 6)

d) …Allah malları və canları ilə çalışanları (=cihad edənləri) əyləşənlərdən (çalışmayanlardan) dərəcə etibarilə üstün tutdu… (Nisa: 95)

e) (Ya Rəsulum!) Kafirlərə itaət etmə və onunla (Quranla və ya itaət etməməklə) onlara qarşı böyük bir cəhdlə (=cihadla) cəhd göstər (=cihad et)! (Var gücünlə vuruş!) (Furqan: 52)

f) … Malınız və canınızla Allah yolunda cəhd göstərin (=cihad edin)! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir! (Tovbə: 41)

Yuxarıda qeyd olunan ayələrin heç birində “cihad” sözü hərbi əməliyyat anlamında deyil. Əksinə, dediyimiz kimi, özünü və ya başqasını haqq və ya batilə doğru istiqamətləndirməyə çalışmaqdır. 1-ci ayədə müşrik valideynlər cəhd göstərirlər ki, öz övladını batilə doğru- Allaha şərik qoşmağa istiqamətləndirsinlər. Ayə isə bildirir ki, insan batilə dorğu yönəlməməlidir. 2-ci ayədə həqiqətsevələr özlərini haqqa doğru istiqamətləndirməyə çalışırlar, yəni həqiqəti tapmaq üçün cəhd göstərirlər. Allah da belələrini, vədə verdiyi kimi, doğru yola hidayət edəcəkdir. 3-cü ayədə bildirilir ki, insan özünü istər haqqa doğru, istərsə də batilə doğru istiqamətləndirsin, hər iki halda bunu özün üçün etmiş olur. Yəni xeyri də, zərəri də başqasına yox, onun özünə qayıdacaqdır. Bu məntiq Quranın bir çox ayələrində keçir. Məsələn, zümər: 41; İsra: 15; Ənam: 104 və s. 4-cü ayədə isə vurğulanır ki, öz malları və canları ilə həqiqəti təbliğ etmək üçün cəhd göstərən möminlərlə bunu etməyən möminlərin Allah qatında dərəcələri fərqlidir, belə ki, birinci qrup ikinci qrupa baxanda yüksək dərəcədədir. 5-ci ayəyə gəldikdə, adıkeçən ayə Məkkə ayəsi olduğundan və həmin ayə hicrətdən öncə nazil olduğundan məlum olur ki, hansısa bir hərbi əməliyyatdan söz gedə bilməz ayədə. Beləliklə, ayəni belə anlamaq olar: Ey peyğəmbər! Sən ilahi dünya görüşünə sahibsən, onların materialist dünyagörüşünə təslim olma və Quran məntiqindən çıxış edərək, onlara qarşı fikri mübarizə apar. Nəhayət, 6-cı ayədə isə qeyd olunur ki, möminlər öz malları və canları ilə həqiqəti başqalarına çatdırmaq, onları haqqa doğru istiqamətləndirmək üçün çalışmalı, cəhd göstərməlidirlər. Qeyd edim ki, can ilə cəhd göstərmək hərbi anlamda döyüşmək deyil, əksinə, həqiqəti dinc yolla yaymaq üçün canından keçməyi belə göz özünə almaq deməkdir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031