Mübarək ramazan ayının üstünlükləri
Mьəllif: admin1
Tarix: 30-06-2016, 16:34
Mübarək ramazan ayının üstünlükləri

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ramazan ayında Allah xatirinə oruc tutan elə bir mömin yoxdur ki, Allah-taala ona yeddi şeyi əta etməsin:
Bədənindəki haram ətlər əriyər;

Allahın rəhmətinə yaxınlaşar;

Babası Adəmin (behiştdə qadağan olunmuş ağacın meyvəsindən yediyi üçün) xatasınının üstünü örtər;

Ölüm anlarının çətinliklərini ona asan edər;

Qiyamətin aclıq və susuzluğundan amanda saxlayar;

Allah-taala ona behiştin pak yeməklərindən yedizdirər;

Allah-taala onu cəhhənmə əzabından uzaq edər.”

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Ramazan ayının gecələri ən gözəl gecələr, gündüzləri ən yaxşı gündüzlər, bu ay nəfəs almaq “subhanəllah” zikrinin savabı, yatmaq isə ibadətdir. Mübarək ayda Qurani-kərimin bir ayəsini oxumağın savabı quranın xətminin savabına bərabərdir. Bu ayda əməllər qəbul olar, qədr gecələri min aya (təqribən 84 ilə) bərabərdir”.

RAMAZAN AYI FÜRSƏTLƏR AYIDIR

Fürsət tapma: İnsanın ən ümdə ehtiyaclarından biri hədəf və amalına çatmaq üçün fürsət tapmasıdır. Həyat axarı boyunca adətən fürsətlər sürətli və ötəri olur. Həzrət Əli (ə) da bunu gözəl bir bənzətmə ilə bəyan edir: “Fürsətlər buludlar kimi sürətlə keçir”. Müxtəlif zamanlarda (ramazan ayı, “qədr” gecələri, viladət və şəhadətlər, ərəfə günü, gənclik dönəmi və s.), ayrı-ayrı məkanlarda (müqəddəs məkanlar, Kəbə, Kərbəla, Məşhəd, şəhidlərin büstü və s.) və fərqli əlaqələrdə (müəllim, dost və s.) qərarlaşan fürsətlərdən istifadə böyük müvəffəqiyyətə, onları əldən çıxarmaq isə məğlubiyyətə gətirib çıxarır.

Fürsət tanıma: Zamanından, məkanından və s. asılı olmayaraq hər bir fürsətdən ali və cüzi dərəcədə istifadə etmək olar. Bəziləri fürsətlərin ali dərəcəsindən qafil olaraq ondan cüzi istifadə ilə kifayətlənirlər. Necə ki, böyük insanlardan böyük hədiyyə almaq mümkün olduğu təqdirdə kiçik hədiyyə ilə kifayətlənirik.

Fürsət yaratma: Ümidsiklik bəşərin qlobal problemlərindəndir. Ümidsizlik əksər hallarda məhdudiyyət, məhrumiyyət və bəlalardan qaynaqlanır. Əslində (cismi, ailə daxili, iqtisadi, siyasi və s. kimi) məhdudiyyətlər müstəsna fürsətlərin yaranmasına ən gözəl zəmin ola bilərlər. Hər bir problem və məhdudiyyət daxilində iki nemət; İlahi hikmət və şəxsi istedadların kəşfi neməti gizlidir.

Nəticə: Ramazan ayı ən münasib, ən dəyərli, ən qurucu, ən şirin fürsətlərdəndir. İslam Peyğəmbəri (s) bu xüsusda buyurur: “İnsanlar Ramazan ayında hansı xeyirlərin (fürsətlərin) olduğunu bilsəydilər, Allahdan bütün ilin Ramazan olmasını diləyərdilər”.

Ramazan, səyləri artırma fürsətidir; Keçmişin nizamlanması və gələcək tədarükü yolunda Ramazan ayı qədər heç bir fürsət təsirli deyildir.

Ramazan, proqramlaşma və nizam-intizam fürsətidir; Nizam-intizam proqramlaşma və tənzimatın səmərəsidir. Ramazan ayında ibadi proqramlar dindarları gözəl nizam-intizamlı etməklə yanaşı, qismən etiqadlı və etiqadsız şəxslər də təsirsiz ötüşmür.

Ramazan maariflənmə fürsətidir; Dini maarifin o cümlədən ayə, hədis, tarix və məsumların (ə) sünnəsi, ədəb, əxlaq və etiqadların təhlili, tədqiqatı və bəyanı digər aylardan fərqli olaraq bu ayda daha bərəkətli və mətlubdur. Belə məqamda dini münazirələrin, mübahisələrin, sual-cavabların, şübhələrin yaranmasına gözəl zəmin yaranır. Hər bir məsələ Əhli-beyt (ə) sünnəsi, elmi, etiqadı vasitəsilə öz həllini tapdığı təqdirdə insanlarda dini etiqadlar güclənir, bəndəliyə meyllilik artır.

Ramazan, Qurani-kərimə diqqət fürsətdir; Qurani-kərim İslam Peyğəmbəri Məhəmmədin (s) yadigarı, səmavi kitab, Allahın kəlamı, insaniyyət nüsxəsi, aşkar və gizli dərdlərin şəfası, bəşər həyatının yaşayış formulu kimi digər aylardan fərqli olaraq Ramazan ayında daha diqqət mərkəzində olur. Bu diqqət qiraət, tərcümə, müsabiqə və s. həddlərlə hüdudlanmamalı, ayələr haqda təfəkkür, onlara əməl, özünə və başqalarına tövsiyə olunmalı və dəyərlərinin qorunması istiqamətində səy göstərilməlidir.

Ramazan, dua və münacat fürsətidir; Dua yaradanla aşiqanə əlaqə mexanizmi kimi bu ayda daha arzuolunandır. Ramazan ayı bəhanəsi ilə Quran duaları və məsumlardan (ə) nəql olunan digər müxtəlif duaların məzmunu ilə tanış olur, bəhrələnirik. Bu mübarək ayda oxunan “Səhər”, “İftitah”, “Əbu-Həmzə Somali”, “Cövşan-Kəbir” duaları və münacatlar bəşərin düşdüyü hazırkı böhranı həll etmə yolunda ən gözəl vasitədir.

Ramazan, təqva və dəyər qazanma fürsətidir; Ramazan ayının tələblərinə hamının düzgünlüyə riayəti, günahlardan pəhriz, xoşagəlməz adətlərdən, pis rəftarlardan çəkinmə, habelə ramazan ayının ehtiramın gözləmə məsələləri də daxildir. Ramazan Allahın adlarından sayılır ki, bu da təqvaya işarədir. İnsan təqvalı olduqca Allahın hüzuruna daha da yaxınlaşır. Əgər bu təmrini otuz gün ərzində yerinə yetirsə nəticədə özündə bunu müşahidə edəcəkdir.

Ramazan, Allahla dostluq fürsətidir; Bəşərin bugünkü ən qlobal və ən böyük problemi öz başlanğıcından, Xaliqindən ayrı düşməsidir. Ramazan ayında imsaka durmaq, gecəni oyaq qalmaq, aclıq, susuzluq, münacat, dua, iftar anları və digər məqamlar Allahla yaranan fasiləni yaxınlaşdırmaq üçün gözəl fursətlərdir. Uca və mehriban Allah bəndələrini şeytan cəngindən qutarmaq üçün sanki pusquda durub hər bir bəhanə ilə (qədr gecələri, cümə axşamları, sübh saatları və s.) xam xəyalla Allahdan qaçanları mehr və məhəbbətlə dolu ağuşuna geri qaytarmar istəyir.

Ramazan, humanistlik fürsətidir; Bu aydakı aclıq və susuzluq fəqir və miskinlərin halını habelə qiyamət gününün aclıq və susuzluğunu insana xatırladır. Aclığın və məhrumiyyətin aradan qaldırılması üçün atılan addımlar aclıq dərdi yaşananda daha effektli olur. Duaların birində belə deyilir: “İlahi! Bütün fəqirləri doydur!”. Duanın incəliyi humanistlik hissini gücləndirməsindədir. İnsan xudbin olduğu təqdirdə qürur, təkəbbür, həsəd və paxıl kimi mənfi xislətlərə mübtəla olacaq, əks halda isə ehsan, fədakarlıq, keçəcəklik, təvazö, xeyrxahlıq, bəxşiş, humanistlik və s. kimi əxlaqi dəyərlərə sahib olacaqdır.

Ramazan, kin-küdurətdən uzaqlaşma fürsətidir; İlahi ziyafətdən istifadə etmək bir çox maneələri aradan qaldırır ki, onların ən başlıcası Allahın bəndələrinə kin-küdurət, paxıllıq və həsəd bəsləməkdir. Bu ayda insanların bir süfrə arxasında əyləşməyi, kütləvi şəkildə edilən dualar, qılınan namazlar, diqqətlərin ilahi rəhmətə və feyzə yönəlməsi kin-küdurət və s. kimi mənfi xüsusiyyətlərin minimum həddə düşməsinə gətirib çıxarır.

Ramazan, ruhi xəstəliklərin müalicəsi fürsətidir; Bədən və ruh insanın həqiqətini təşkil edir. Hər ikisi qidalanma, sağlamlıq, xəstəlik kimi məsələlər hər ikisi üçün keçərlidir. Digər aylarda daha çox bədənə qulluq edilirsə, iştahasızlıq, zəhərlənmə kimi hallarda həkimə müraciət olunursa, bu ayda da ruhun duaya, namaza, mənəvi məsələlərə iştəhasını artırmaq üçün ən gözəl fürsətdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930