Qədr gecələri nələrə riayət edilməlidir?
Mьəllif: admin1
Tarix: 28-06-2016, 02:34
 Qədr gecələri nələrə riayət edilməlidir?

İlahiyyatçı: “Ən gözəl əməl həmin gecədə Quranı oxuyub, orada deyilənlərə əməl etmək, Quranın dedikləri ilə yaşamaqdır”
İslami hədislərə əsasən Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub. Qurani-Kərimdə buyurulur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”.

Bu gecədə Quranın başa qoyulması ənənəsi də var.

İlahiyyatçı Bəhruz Camal Qədr gecəsinin insanların mənəvi oyanışına xidmət etdiyini dedi: “Qədr gecələrinin həm müştərək, həm də xüsusi əməlləri var. Bəzi müştərək əməllər var ki, ona bütün Qədr gecələrində əməl olunur. Bir də hər bir Qədr gecəsinin özünün xüsusi əməlləri var. Ümumi müştərək əməllərdən biri budur ki, Qədr gecəsində Quran başa qoyulur və xüsusi bir dua var, o dua oxunur. Camaat arasında bu dua Bikə ya Allah duası kimi məşhurdur. Bu, “İlahi sənə and veririk” anlamındadır. Qədr gecəsinin əsas mahiyyəti bu günün Quranın nazil olduğu günə təsadüf etməsidir. Bəzi hədislərdə qeyd edilir ki, Quran məhz Qədr gecəsində nazil olub. Bu Quran ayəsində də var. Quranı başımıza qoyaraq onu uca tutub, onu qarşılamaq anlamı daşıyırıq. Yəni öz özlüyündə bundan böyük məna kəsb eləmir. Amma mahiyyət etibarı ilə insanın bədən üzvləri arasında ən uca yeri başdır. İnsanlar ən uca bədən üzvünü Quranın altında tutmaqla insanlar demək istəyir ki, İlahi mənim bədənimdən də uca olan sənin bu səmavi kitabın başımız, gözümüz üzərindədir. Düzdür, mahiyyət etibarı ilə Quranı başa qoymaq heç də onun mahiyyətini dərk etmək anlamında deyil. Əslində ən gözəl əməl həmin gecədə Quranı oxuyub, orada deyilənlərə əməl etmək, Quranın dedikləri ilə yaşamaqdır. Amma Quranı başa qoymağın bir ritual, ayin kimi heç bir mənfi tərəfləri də yoxdur. Bu sadəcə olaraq Quranı uca tutmaq mənasındadır. Qədr gecəsinin əməllərindən biri də həmin gecə insan oyaq qalaraq, ibadətlə məşğul olmasıdır. Amma burada söhbət maddi oyaqlıqdan getmir. Söhbət qəlbin oyaqlığından gedir. Qədr gecələrində insanlar bacardıqları qədər qəlblərini oyaq saxlamalıdır. Əsas olan odur ki, insan bu gecənin mahiyyətini, böyüklüyünü dərk etsin və qəlbi oyaq qalsın. Qədr gecələrində qəlblərini oyaq saxlamağa çalışsınlar ki, o ilahi xeyirdən, mərhəmətdən oyanan qəlbləri günahdan, fəsaddan gələn Ramazan ayına qədər çəkinsin. Ən böyük mahiyyət bundan ibarətdir. Bəzi qaydaların, ritualların icrası öz yerində, amma mahiyyət etibarı ilə Qədr gecəsi insanların mənəvi oyanışına xidmət edir. Əsas məsələ Qədr gecələrində insanın özünü dərk etməsidir ki, Allahın Quranı nazil etdiyi bu əzəmətli gecədə bu kitabın məntiqi, təqdim etdiyi yaşayış tərzi ilə yaşamağı özünə aşılasın”.

B.Camal Qədr gecələrinin Ramazan ayının son 10 günlüyünə təsadüf etdiyini dedi: “Qədr gecəsinin Ramazan ayının son on günlüyünə düşməsi ilə bağlı hədislər müxtəlifdir. Bəzi hədislərdə qeyd olunur ki, Ramazan ayının son on günlüyünə təsadüf edir. Ən çox təcrid olunan hədislərdə həmin qeyd edilən 3 gündür. Bəzi hədislərdə Ramazan ayının 27-ci gününə işarə var ki, həmin günə düşür. Allah Qədr gecəsini ona görə gizli saxladı ki, insanlar Ramazan ayının hər gününə diqqət göstərsinlər və hər gün Qədr gecəsini gözlədikləri kimi Ramazan ayının hər gecəsində günahlardan çəkinməyə, Allahla niyaza, tövbəyə həsr etsinlər”.


Günel MANAFLI
Mussavat.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031