"Mən də özümü cənab Mütəhhərinin şagirdi bilirəm"
Mьəllif: admin1
Tarix: 1-05-2020, 18:00
"Mən də özümü cənab Mütəhhərinin şagirdi bilirəm"

Ayətullah Xamenei Şəhid Mütəhhəri haqqında....

Cənab Mütəhhəri ilə çox yaxın dost olmaq səadətinə nail olmuşdum. O, şəhid ediləndə ozamankı dost və həmkarlarımız arasında onun kimi zərif və incə məqamlara diqqət göstərən birini tanımırdım. Doğrudan da belə idi. O, mahir incəsənət ustası kimi xırda məqamları sezir, dili və qələmi ilə bəyan edirdi.

Şəxsi həyatda alicənab və mehriban idi, əsl müəllim idi. Həyat yoldaşı da ondan danışanda, elə bil, şagird müəllimi haqda danışır. Bu tərbiyənin təsiri onun övladlarında da aydın görünür.

Hər halda, Ustad Mütəhhəri uca bir insan idi. Elə bir insan idi ki, biz bu nəsildə bu növ insanları çox az görürük. Ustad Mütəhhərinin şəxsiyyətinin hər bir sahəsi onun yoxluğuna heyfsilənməyə səbəb olur, yerinin boşluğu daha artıq hiss olunur. O, çox duyğusal bir insan idi. Onun dostları və yaxınları ilə yaratdığı duyğusal münasibətlər böyük adamlarda az görünür.

Mən cənab Mütəhhərini aydın ruhaniliyin banisi bilirəm. Siz elmi hövzələrdə cənab Mütəhhərinin vasitəli, yaxud vasitəsiz şagirdi olan və sonralar hər biri böyük təsirlərin mənşəyi sayılan çoxlu gənc tələbə görürsünüz.

Mən də özümü cənab Mütəhhərinin şagirdi bilirəm. Bildiyiniz kimi, onunla çox yaxın və səmimi dostluğumuz vardı. Dəfələrlə bir-birimizin evinə - onun Tehrandakı və bizim Məşhəddəki evimizə gedir, günlərlə bir yerdə olurduq. Bir dəfə ona dedim ki, mən sizin şagirdinizəm.

O, təəccüblə dedi ki, axı siz mənim dərslərimdə olmamısınız! Həqiqətən də, onun tədris etdiyi dərslərdə iştirak etməmişdim, amma mənim İslam təfəkkürümün bünövrəsi sayılan amillərdən biri cənab Mütəhhərinin iyirmi il qabaqkı söhbətləridir". (Ettelaat qəzetinə müsahibəsindən: 2 may 1981.)

"Ustad Şəhid Mütəhhərinin əsərləri İran İslam Respublikası quruluşunun mental təməllərini təşkil edir. Digərləri bu inqilabın qələbəsinə çox kömək etdilər, lakin fikirləri İran İslam Respublikası quruluşunda o qədər də rol oynamadı.

Ustad Mütəhhəri İmam Xomeyninin layiqli şagirdi və onun dərin dini təfəkkürlərinin tərənnümü olan nadir və misilsiz şəxslərdəndir". (Ustad Mütəhhərinin şəhadətinin dördüncü ildönümü tədbirlərinin Təşkilat komitəsinin üzvləri ilə görüşdə söhbətlərindən, Ettelaat qəzeti, 24 aprel 1983.)

"Mütəhhəri İslam Respublikası quruluşunun memarlarından biri idi. İslam quruluşunun əsas layihəsi həm də onun güclü beyninin, ayıq qəlbinin və elmi istedadının sayəsində formalaşdı. Buna görə də, nə qədər ki, İslam Respublikası və bu xalqın ixlasla, fədakarcasına döyünən ürəkləri var, Mütəhhəri yaşayacaq. Mütəhhəri bu inqilaba və müqəddəs quruluşa xidmət göstərən insanların hər birinin qəlbində yaşayır". (Təhsil naziri və qadınlara məxsus pedaqoji mərkəzlərin tələbələri ilə görüşdə söhbətlərindən: 2 may 1984.)

"Şəhid Mütəhhərinin əsərlərinin və düşüncə xəttinin müsbət məqamlarından biri budur ki, o, cəmiyyətin ehtiyacı olan mövzularla tanış idi, məsələləri diqqətlə və dərindən araşdırırdı. Buna nümunə kimi "Materializmə yönəlmənin səbəbləri" və "Əlinin (ə) cazibə və dafiəsi" kitablarının adlarını çəkmək olar. Onun çıxışları da cəmiyyətimizin çox ehtiyaclı olduğu onlarla elmi mövzusunda idi.

Şəhid Ayətullah Mürtəza Mütəhhərinin məharəti yeni mövzular tapmaq və yolu göstərmək idi. Bu yol davam etdirilməli və çox dəyərli nəticələrə çatdırılmalıdır.

Elmi hövzənin tələbələri, xüsusən də gənc tələbələr Ustad Şəhid Mütəhhərinin əsərlərini daha çox oxusunlar. Bu, gələcəkdə onları mütləq ustadın düşüncə yolunu davam etdirməyə qadir mütəfəkkir şəxsiyyətlər edəcək". (Ustad Mütəhhərinin şəhadətinin onuncu ildönümünün Təşkilat komitəsinin üzvləri ilə görüşdə çıxışından, Ettelaat qəzeti, 24 aprel 1989.)

"Şəhid Mütəhhərinin sözləri bu gün də yeni və bizim quruluşmuza lazım olan sözlərdir. Məsələn, siz təqva barəsində danışmaq istəyirsiniz. Cənab Mütəhhəri təqribən otuz il bundan qabaq, yəni 1960-cı ildə Tehranda təqva barəsində bir neçə söhbət edib. Bunlar "Ayın sözü" toplusunda nəşr olunub. Baxın, görün nə qədər yüksək səviyyədədir. Biz bunları bilməliyik". (İslam Təbliğatı Komitəsinin məsul işçiləri ilə görüşdə söhbətindən: 24 fevral 1992.)

"O, həm marksistlərlə mübarizədə çox dəqiq bir cihada başladı, həm də qərb təfəkkürləri və liberalistlərlə mübarizədə. Bu çox əhəmiyyətlidir. Həm böyük cəsarət və özünəinam tələb edir, həm müxtəlif sahələrdə düşüncə və ictihad qüvvəsi, həm də qəti inam. Bu böyük insanda bunların hamısı vardı.

Mərhum Mütəhhərinin fəaliyyət çevrəsi zahiri baxımdan kiçik idi. Orada-burada, filan institutun bir sinfində, uzaqbaşı haradasa bir neçə yüz nəfərin iştirak etdiyi bir toplantıda çıxış edirdi. Amma bəlkə özü də təsəvvür etməzdi ki, bu kiçik məclislərin necə böyük təsirləri qalacaq.

Mənim elm adamlarına, din təbliğatçılarına, dini natiqlərə vacib bildiyim budur ki, mərhum Mütəhhərinin kitablarının hamısını oxusunlar. Bu kitabların oxunması üçün bir yol fikirləşin. Bu kitablar həm dərs vəsaitlərinə salınmalıdır, həm də universitet proqramlarına. Xoşbəxtlikdən, onun kitabları asan başa düşüləndir.

Yəni çox şirin və yaxşı üslubda yazılıb. Onun qələmi nitqindən güclü idi. Özü deyirdi ki, çıxışlarımdan xoşum gəlmir, amma yazdıqlarımı oxuyanda xoşum gəlir.

Mən də onunla razılaşırdım. Onun söhbətləri yazıları qədər cəlbedici deyildi. Yazıları həqiqətən çox şirin, səlis və rəvandır". ("Pak hikmət" beynəlxalq konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 8 mart 2004.)

"Bu uca və dəyərli şəxsiyyət indi bizim aramızda deyil. Lakin onun fikir və düşüncələrinin məhsulu olan qiymətli xəzinələr, həmçinin uzunmüddətli və davamlı cihadının aydın xətti bizim qarşımızdadır. Mütəhhərinin üstünlüyü ondadır ki, bu əsərlərini öz qanı ilə imzaladı və onlara şəhadət donu geyindirdi". (Şəhid Mütəhhərinin elmi cəhətlərinin araşdırılması konfransında çıxışdan: İslam Respublikası qəzeti, 1 may 1985.)




/Nur-az.com/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930