İnsan həyatını dəyişəcək 9 ilahi tövsiyə
Mьəllif: admin1
Tarix: 31-10-2022, 10:31
İnsan həyatını dəyişəcək 9 ilahi tövsiyə
İslam sırf dildə Allaha və onun peyğəmbərinə etiraf etməklə bitmir. Əməl, insanlarla davranış qaydalarına riayət etmək, insanların hüquqlarını gözləyib yerinə yetirmək əsas şərtlərdəndir.

Bir gün İmam Sadiqin (ə)qoca səhabələrindən biri Ünvan Bəsri həzrətin yanına gələrək, ona nəsihət verməsini din və dünya məsələləri ilə bağlı tövsiyələr verməsini istəyir.

Ünvan Bəsri deyir: Ey İmam! Mənə əməli göstərişlər ver.

İmam buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin.

Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü həlimlik və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.

Ünvan Bəsri deyir: Bütün nəzər və diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim. O, buyurdu:

Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:

1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.

2.Acımamış yemə.

3.Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de.

Sonra Peyğəmbəri-Əkrəmin (s) buyurduğu aşağıdakı hədisi nəql etdi: “İnsanın doldurduğu ən pis qab qarındır. Əgər yeməyə ehtiyacın varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır.”

Həlimlik barəsində tövsiyə edilən işlər aşağıdakılardır:


1.Hər kəs sənə “mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: “Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!”

2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: “Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!”

3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua vədəsi ver.

Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:


1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.

2.Şəxsi rəyinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.

3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rəy əsasında (şəriət dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.
Sonra buyurdu:

Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara!


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930