Lənət oxumadan əvvəl yaxşı-yaxşı düşünün
Mьəllif: admin1
Tarix: 10-04-2016, 20:54
Lənət oxumadan əvvəl yaxşı-yaxşı düşünün

Bəzən hirslənirik, yeri oldu-olmadı bəddua edirik. Amma düşünmürük ki, ağzımızdan çıxan heç bir səs, heç bir söz boşa getmir. Deyilən hər sözün hesabı var. Ağzımızdan çıxan hər dua və bəddua üçün qarşılıq görəcəyik.
Qurani-Kərimin Kəf surəsində Allah-Taala (c.c.) insanın ağzından çıxan bütün sözlərin mələk tərəfindən qeydə alındığını açıq-aydın bildirməkdədir.
Peyğəmbərimiz (s.ə.s) də bir hədisi-şəriflərində: "İnsan bəzən xətasız hesab etdiyi, dəyərsiz bildiyi bir söz söylədiyini zənn edər, halbuki o söz səbəbilə cəhənnəmin yetmiş illik dibini boylar" buyurmuşdur.
Başqa bir hədisi-şəriflərində Rəsulullah (s.ə.s.): "Müsəlman digər insanların əlindən və dilindən zərər görmədiyi şəxsdir" söyləyərək, ağızdan çıxan sözün, kəlmənin önəmini, əhəmiyyətini bir daha diqqət önünə çəkmişdir. Rəsulullah (s.ə.s.) insanın daha çox dilinin ucbatından bəlaya düşdüyünü müxtəlif hədislərində vurğulamış və ağızdan çıxan hər kəlməyə diqqət etməyi buyurmuşdur.
Bəzən guya sevirmişik kimi uşağa "şeytan" deyirik. Heç bu qədər də cahillik, bu qədər də xəta olarmı?
Bəzən də guya zarafat edirmiş kimi kiməsə lənət oxuyuruq. Lənətin nə olduğunu bilənlər o sözü hələm-hələm dilə gətirməzlər. Lənət sözünün hərfi mənası "qovmaq", "uzaqlaşdırmaq"dır. Tam anlamı ilə bu söz bir kimsəni və ya hər hansı bir məxluqu Allahın mərhəmətindən uzaqlaşdırmaq mənasına gəlir.
Qurani-Kərimin bildirdiyinə görə, şeytan "ləin"dir, "məlun"dur, yəni lənətlənmişdir, Allah-Taalanın mərhəmətindən uzaqlaşdırılmışdır. Ona görə də lənət sözünü dilinə gətirmək istəyən insan, əvvəlcə, bu sözün mənasını və vara biləcəyi ünvanı, mənzili düşünərək, onu işlədib-işlətməmək haqqında qərar verməlidir.
Həzrəti-Həmzə kimi bir əmini, bir dostu, bir səhabəni, bir fədakar insanı Vəhşi adlı bir kölə öldürdü. Təkcə öldürmədi ki... sinəsini parçaladı, burnunu, qulaqlarını, əzalarını kəsdi, ciyərini çıxartdı, ürəyini qopartdı, qanını ovucladı... Bu zülm hələm-hələm unudulacaq bir şey deyil, amma Allah Rəsulunun Vəhşiyə lənət elədiyini görən olmadı. Bu da bir hikmətdir ki, Vəhşi sonradan müsəlman olub səhabələr cərgəsinə qatıldı; Rəsulullahın bir zərrə təbəssümünü layiq ola bilmək üçün gecələri göz yaşı ilə, dualarla, Allaha yalvarmaqla keçirdi. Allah bağışlayana bəndə nə deyə bilər ki?
Başqa bir örnək verək: Uhud savaşında Allah Rəsulunun dişi qırıldı, sifəti parçalandı, amma ağzından bəddua çıxmadı. Uhudda kafirlər cərgəsində yer alan Xalid bin Vəlid Məkkənin fəthindən öncə İslam dinini qəbul etdi və Seyfullah, yəni Allahın qılıncı ünvanına layiq görüldü.
Amma bütün bunlarla yanaşı, Allah Rəsulu "lənət" kəlməsini işlətmişdir, amma hansı məqamlarda, bilirsinizmi? - İnsanlar arasında, cəmiyyətdə fitnə-fəsad çıxaran yolları bağlamaq üçün. Rəsulullahın dilindən çıxan hər lənət bir bəla qapısını bağlamaq üçündür:
- Faiz yeyənə də, faiz yedirdənə də Allah lənət eləsin.
- Anasına və atasına söyən kimsə lənətlənmişdir.
- Ərazi işarələrini pozana Allah lənət eləsin.
- Allahın lənəti rüşvət alana və verənədir.
Göstərdiyimiz bu örnəklərdən də aydın olduğu kimi Rəsulullahın dilinə gətirdiyi bu "lənət"lər əslində cəmiyyətin, toplumun sağlamlığı üçündür, fitnə-fəsadın qarşısını almaq məqsədi güdür. Bir başqa hədisi-şəriflərində Uca Peyğəmbərimiz: "fitnə yuxudadır, onu oyadana Allah lənət eləsin"- buyuraraq fitnənin cəmiyyətdə nə qədər böyük qarışıqlıq saldığını göstərmişdir. Cəmiyyətin asayişini pozduğu üçün fitnə bir çox hallarda adam öldürməkdən daha böyük təxribat meydana gətirir.
Hicrətin dördüncü ilində Quran tədris edən yetmiş səhabəni kafirlər xaincəsinə öldürmüşdülər. Rəsulullah bu səbəblə bir ay boyunca səhər namazında onları qətlə yetirənlərə bəddua etmişdir. Həmin qatillər də elə bu dünyadaca cəzalarını almışlar.
(Ardı var)Qurani-Kərimin bildirdiyinə görə, Həzrəti-Muhamməd rəhmət Peyğəmbəridir, mərhəmət Peyğəmbəridir. Əgər o, kimlərinsə cəzalanmasını istəyirsə, onun bu istəyi ədalət üçündür, cəmiyyətin rifahı üçündür. Bundan əlavə, Rəsulullahın bu davranışı həm də Qurana ömür verməyin, Quran xidmətçisi olmağın nə qədər böyük şərəf olduğunu açıq-aydın göstərməkdədir.
Peyğəmbərimiz (s.ə.s): "Möminə lənət edən onu öldürmüş kimidir. Kim bir möminə küfr nisbət edərsə, onu öldürmüş kimidir" - buyurmaqdadır. Bir incə məqamı da diqqətinizə çatdıraq ki, lənətləmək öldürməkdən daha ağır sayılır. Bu da onunla bağlıdır ki, sən birini öldürsən, onu dünya həyatından məhrum etmiş olursan, axirətdə də üz-üzə gəlib hesablaşacaqsınız. Sən birinə lənət etmiş olsan, onu Allahın mərhəmətindən uzaqlaşdırmaq, məhrum qoymaq istəyirsən, yəni lənət təkcə dünya ilə tamamlanmır, axirətdə də davam edir.
Lənət edən lənət etdiyini Allahın mərhəmətindən məhrum etməyə çalışır. Qurani-Kərimdə: "Allahın lənəti zalımların üzərinə olsun!" buyurulur, yəni zalımların və kafirlərin Allahın lənətinə uğrayacağı bildirilir. Ona görə də möminlər heç zaman Allahın qəzəbi, Allahın lənəti və cəhənnəm odu ilə bir-birinə lənət etməməlidir. Bu haqda uca Peyğəmbərimizin də ciddi xəbərdarlıqları var.
Bir məsələ də var ki, kimliyindən asılı olmayaraq insan öz sərhədini aşarsa, Allahın qəzəbinə uğrayar. El arasında da deyildiyi kimi, öz cızığından çıxan insan Allah-Taalanın sərhədlərini tapdalayır. Bu haqda bir söhbəti sizlərlə paylaşaq: Qədimdə iki dost vardı, biri günahkar, digəri isə ibadət əhli. İbadət əhli o birini günah üstündə görərkən: "Bu işlərdən əl çək", - deyə tənbeh edərdi. Bir dəfə də eyni vəziyyət təkrarlandı, ibadət edən günahkar dostunu bəd əməllərindən çəkindirmək istədi. Günahkar adam da ona belə dedi:
- Məni Rəbbimlə baş-başa burax, sən məni niyə güdürsən ki?
İbadət edən şəxs də ona belə cavab verdi:
- Vallah, Allah səni bağışlamaz, səni öz cənnətinə qovuşdurmaz.
Bəli, vaxt çatdı, onların ikisi də ölüb Allah-Taalanın hüzuruna çıxdılar. Allah-Taala o ibadət edənə belə dedi:
- Sən Mənim əlimdəki qüdrətə qadirsənmi?
Sonra da Allah-Taala o günahkara üz tutaraq: "Sən get, Mənim mərhəmətimlə cənnətə gir" buyurdu. Dünyada ikən ibadət edən, amma Allah adından vəd verən o şəxs haqqında isə belə buyurdu: "Bunu da atəşə atın!"
Həzrəti-Peyğəmbərimiz (s.ə.s) zamanında Abdullah bin Nuayman adında bir şəxs var idi və o, xalq arasında "eşşək" ləqəbi ilə tanınırdı. Bu adam çox zarafatcıl idi və bəzən Rəsulullahı belə güldürürdü.
İçki haram buyurulduqdan sonra da deyilənə görə, Abdullah bin Nuayman aradabir gizli-gizli içərmiş. Bir gün onu içkili halda tutub Rəsulullahın yanına gətirirlər. Həzrəti-Ömər də orada imiş və Abdullahın bu halını görəndə bəddua edir: -Allahım, Sən bu adamı Öz mərhəmətindən uzaq tut. O, sərxoş halda Rəsulullahın hüzuruna gətirilir və onu üzür.
Həzrəti-Ömərin bu sözlərini eşidən sevimli Peyğəmbərimiz (s.ə.s) ona tərəf dönərək:
- Ey Ömər! Vallah, mən Abdullah bin Nuaymanın Allahı və Rəsulunu sevdiyini bilirəm, - deyir və inanclı bir kimsəni hər hansı xətası üzündən lənətləməməyi tövsiyə edir.
Bir çox hədislərdə insanların cəhənnəmə girməsinə səbəb olaraq onların düşünmədən və ya əsəbi halda söylədikləri sözlər göstərilməkdədir.
Bu bir gerçəkdir ki, ağızdan çıxan söz mütləq bir ünvana yetişməlidir: ya söylənən ünvana, ya da söyləyən ünvana. Bu haqda bir hədisdə belə buyurulmaqdadır: "İnsan bir şeyə bəddua ilə lənət etdisə, bu lənət səmaya yüksəlir. Səma qapıları lənətin üzünə bağlanır, sonra bu lənət yer üzünə enir və orada da qapılar üzünə bağlanır. Sonra bu lənət sözü sağa və sola yönəlir. Orada da bir keçid tapa bilmir, lənət olunana dönür. Əgər o, lənətə layiqdirsə, onda qalır. Əgər layiq deyilsə, bu söz onu söyləyənə dönür".
Bir dəfə səhabələrlə oturub söhbət edərkən külək əsib səhabələrdən birinin paltarını qaldırır. O səhabə də küləyə lənət oxuyur. Bunu eşidən Peyğəmbərimiz: "Küləyə söymə, ona lənət etmə, çünki o, Allahın əmrindədir, öz vəzifəsini yerinə yetirir. Hər kim lənətə layiq olmayan bir şeyə lənət edərsə, o lənət özünə dönər" buyurur.
Bir dəfə də Həzrəti-Peyğəmbərimizin də səfər etdiyi karvanda bir qadın hirslənərək dəvəsinə "lənət olsun!" deyir. Peyğəmbərimiz bu sözü eşidən kimi buyurur ki, o dəvənin yükünü belindən alsınlar, dəvə artıq lənətlənmişdir, kimsə də o dəvəyə minməsin və onu sərbəst buraxdırır.
Peyğəmbərimiz buyurur ki, çox lənət edənlər qiyamət günündə şəfaətci və şahid ola bilməzlər.
Bəli, dəyərli oxucular, bəzən ağzımızdan çıxan sözün başımıza nə qədər böyük bəlalar gətirə biləcəyini ağlımıza belə gətirmirik. Halbuki Rəsulullahın (s.ə.s.) da buyurduğu kimi, çoxlarının cəhənnəmə girməsinin səbəbi elə fərqinə varmadan söylədiyi sözlər, bəddualar olur. Dilimizi hər cür xətadan, bəladan, günahlardan uzaq tuta bilmək təmənnası ilə...
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930