“Həmd” surəsinin təfsiri (Hacı Rasimin cümə xütbəsinin tam mətni)-Video
Mьəllif: admin1
Tarix: 28-03-2016, 14:18
 “Həmd” surəsinin təfsiri (Hacı Rasimin cümə xütbəsinin tam mətni)-Video
Bismilləhir-Rahmənir-Rahim


“Həmd” surəsinin təfsiri

Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özümü və sizi təqvalı olmağa çağırıram.
Bu cümənin mövzusu “Həmd” surəsinin təfsiridir.

Lakin məlumdur ki, Qurani Kərimin digər surə və ayələrinin geniş mənası olduğu kimi, bu surənin də çox geniş mənası vardır. Buna görə də biz vaxtın azlığını nəzərə alaraq yalnız 1-ci ayəni (Bismilləhir-Rahmənir-Rahim) təfsir etməyə çalışacağıq. Diqqət etməliyik ki, vaxtın azlığını nəzərə alsaq, heç bu ayənin tam mənasını təfsir etmək mümkün deyil, və bu haqda nə qədər söz danışsaq azdır. Çünki məşhur bir rəvayətdə İbni Abbasdan oxuyuruq: “Bir gün Həzrəti Əli (ə) şam namazından sonra mənim əlimdən tutub şəhərin qəbristanlığına tərəf apardı. Gecənin əvvəlindən sübhəcan (Bismillah...) təfsirindən danışdı. Səhər olanda “bismillah”ın “b” hərfinin mənasını tamamlamışdı. Sonda İmam (ə) buyurdu: “Bu mövzunu burada tamamlayıram, inşallah, gələcəkdə bu haqda başqa nöqtələr deyəcəm”.
Başqa hədisdə sonda o Həzrətin bu cür buyurduğunu nəql ediblər: “Əgər gecə biraz uzun olsaydı “bismillah”ın “b” hərfini daha da artıq izah edərdim.”
Bir neçə xüsusiyyətə görə bu surə Quranın digər surələrindən fəzilət və üstünlüyü ilə fərqlənir:
1 Ahəng və məzmun cəhətdən.
Başqa surələr də hamısı Allah kəlamıdır, lakin bu surə bəndələrin dilindəndir, başqa sözlə desək, Allah burada bəndələrə öz Rəbbləri ilə necə danışıb razniyaz edəcəyini öyrədir.
Bu surə Allaha həmd səna ilə başlayır “əvvələ” və sona “məada” olan imanı aşkar etməklə davam edir və bəndələr öz ehtiyaclarını dilə gətirərək istəməkləri ilə sona çatır. Mənəvi və agah insanlar bu sözləri təkrarlamaqla hər an öz pərvərdigarlarına yaxınlaşdıqlarını hiss edirlər.
2 “Həmd” surəsi Quranın əsasıdır.
Bir gün Cabir ibn Abdullah Ənsari Həzrəti Rəsulullahın (s) məhzərində idi. Peyğəmbər (s) ona buyurdu: “Allah öz kitabında nazil etdiyi ən üstün surəni sənə öyrədim?
Cabir dedi: “Bəli, atam anam sənə fəda olsun, öyrət.”
Peyğəmbər (s) “Ummul kitab”ı, “Həmd” surəsini ona öyrətdi.”
Başqa bir hədisdə Peyğəmbərin (s) bu cür buyurduğu nəql olunub: “Canım əlində olan Allaha and olsun, Allah nə Tövratda, nə İncildə, nə Zəburda, nə də Qurani Kərimdə belə bir surə nazil etməyibdir. Bu (“Həmd” surəsi) “Ummul kitab”dır”. (“Məcməul-bəyan”, “Nurus-səqəleyn” “Həmd” surəsinin əvvəli)
“Umm” - əsas mənasınadır.
Azacıq diqqət etsək, görərik ki, bu surə imanın hər üç mərhələsini bəyan edir:
a) Qəlb ilə etiqad.
b) Dil ilə iqrar.
c) Rükunlara əməl etmək.
Məşhur Quran müfəssirlərindən olan İbn Abbasdan nəql olunub: “Hər bir şeyin əsası var... Quranın da əsası və kökü “Həmd” surəsidir”.
3 “Həmd” surəsi Peyğəmbərin (s) ən böyük iftixarlarından
Allah “Həmd” surəsinin Peyğəmbərə (s) ən böyük hədiyyə olduğunu bəyan edərək onu tam Quranın qarşılığında göstərir.
(87) وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ (87) Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik. (“Hicr” surəsi, 87-ci ayə.)
Həmçinin “Həmd” surəsinin iki dəfə nazil olması da bu surənin çox əhəmiyyətli olduğundan xəbər verir.
Qeyd etdiyimiz məzmunda Həzrəti Əli (ə) Peyğəmbərdən (s) bir hədis nəql edir: “Allah “Həmd” surəsini mənə verməklə boynuma böyük bir minnət qoydu və onu əzim Quranın qarşısında qərar verdi. “Həmd” surəsi Allah ərşində olan xəzinələrin ən qiymətlisi və ən şərəflisidir”.
4 Bu surəni oxumağa çox təkid olunub.
Böyük İslam Peyğəmbəri (s) buyurub: “Bu surəni oxuyan müsəlmanın savabı, Quranın üçdə ikisini oxuyan şəxsin savabı qədərdir və sanki həmin şəxs bütün mömin və möminələrin hər birinə hədiyyə veribdir”.
Bəzi hədislərdə Qurani Kərimin tamamını oxuyan şəxs qədər savabı olduğu bəyan olubdur. “Həmd” surəni oxuyan şəxsin savabının Quranın üçdə ikisi qədər olduğunu bəlkə buna görə deyiblər ki, Quran əsasən üç hissədən ibarətdir:
1 Tövhid.
2 Qiyamət və hesab günü.
3 Şəriət, əmr və nəhylər.

Birinci və ikinci hissə “Həmd” surəsində gəlibdir.
Imam Sadiq (ə) buyurur: “Şeytan dörd dəfə nalə çəkib fəryad etdi”:
1 Allah dərgahından qovulduğu gün.
2 Behiştdən yer üzünə endirildiyi zaman.
3 Həzrəti Məhəmmədə (s) peyğəmbərlik verildiyi gün.
4 “Həmd” surəsi nazil olduğu zaman.

Həmd surəsinin möhtava və məzmunu

Bu surədə olan 7 ayənin hər biri mühüm bir mətləbə işarə edir:
1. (1) بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ – Bismilləhi-Rahmənir-Rahim - Hər bir işi Allahın adı ilə başlayıb O müqəddəs Zatdan yardım diləmək.
2. (2) الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ – Əlhəmdulilləhi rabbil-ələmin - aləmdə olan nemətlərin hamısının qaynağı Allah olduğuna görə, bütün şükürlər Ona məxsusdur.
3. (3) الرَّحْمـنِ الرَّحِيمِ – Ərrahmənir-Rahim - Allah taalanın xilqətə olan hakimiyyətin əsas mehvəri rəhmət olduğunu bəyan edir.
4. (4) مَـالِكِ يَوْمِ الدِّينِ“ – Məliki yəvmid-din - Məadın o əzəmətli hesab gününün sahibi odur.
5. (5) إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ – İyyəkə nəbudu və iyyəkə nəstəin - ibadətdə, təvəkkül və yardım diləməkdə tohid.
6. (6) اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ – İhdinəs siratəl-mustəqim - Hər şeydə olduğu kimi, hidayətdə də bəndələrin Ona möhtac olduqları, çünki hidayət yalnız Allaha məxsusdur.

7. (7) صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ – Siratəl-ləzinə ənəmtə ələyhim ğayril-məğzubi ələyhim vəvləz-zallin - Doğru yolu aşkar şəkildə təsvir edib göstərir ki, azmışlar və qəzəbə düçar olmuşlar deyil, nemət verilmiş şəxslərdir...
“Əxbare uyunur-Riza (ə)” kitabında Peyğəmbərdən (s) hədis nəql olunur: “Mutəal Allah belə buyurub: “Mən “Həmd” surəsini özüm və bəndələrim arasında bölmüşəm, yarısı mənə yarısı isə bəndəmə məxsusdur. Mənim bəndəmin bütün yaxşılıqları məndən istəmək haqqı var”.
Bəndə “Bismillah-Rahmənir-Rahim” deyəndə,
Mütəal Allah buyurur: “Bəndəm öz işinə mənim adım ilə başladı. Onun işlərini bütün hallarda bərəkətli edib xeyrli sonuca yetirmək mənim öhtəmdədir.
Bəndə “Əlhəmdulillah...”, deyəndə,
Mütəal Allah buyurar: bəndəm mənə şükr etdi, bildi ki, bütün onda olan nemətlər mənim tərəfimdəndir və bəlaları ondan mən uzaqlaşdırıram. Şahid olun, mən ona verdiyim dünya nemətlərinə axirət nemətlərini də əlavə edirəm, dünya bəlalarını ondan uzaqlaşdırdığım kimi axirət bəlalarını da ondan uzaqlaşdırıram.
Bəndə “Ərrəhmanir-rahim” – dediyi zaman
Allah taala buyurar: Bəndəm şəhadət verdi ki, mən rəhman və rəhiməm, şahid olun, onu öz rəhmətimdən daha çox bəhrələndirəcəm və əta etdiklərimdən onun payını daha da artıracam.
Bəndə “maliki yomid-din” deyəndə
Uca Yaradan buyurar: Şahid olun ki, o cəza və hesab gününün mənə məxsus olduğunu dedi, mən də qiyamət günü onun hesabını yüngül tutaram, yaxşılıqlarını artırıb, pisliklərinə göz yumaram.
Bəndə “İyyakə nəbudu” deyəndə
Allah buyurar: Bəndəm düz deyir, o tək mənə pərəstiş edir, sizi şahid tuturam ki, onun bu xalis ibadətinə o qədər savab verəcəm ki, ona muxalif və qarşı olanlar onun bu halına qibtə edəcəklər.
Bəndə “iyyakə nəstəin” deyəndə
Allah buyurar bəndə məndən kömək istəyib tək mənə sığındı, siz şahid olun ki, mən ona işlərində kömək olub çətinliklərində fəryadına çatacam, pərişanlıq (qiyamət) günündə onun əlindən tutacam.
Bəndə “ihdina siratəl müstəqim... (surənin sonuna qədər)”
deyəndə, Mutəal Allah buyurar: Bəndəmin bu istəyi də qəbul olundu, o məndən hər nə istəsə icabət edib arzu etdiyi hər şeyi ona bəxş edəcəm. Qorxduğu şeylərdən onu qoruyub amanda saxlayacam.”
Xülasə, gərək insan bütün işlərinin başlanğıcında sidq ürək ilə və həqiqi mənada “bismilləhir-rahmənir-rahim” deyib işlərini Ona bağlasın. Bu cümləni inanaraq deməsi insanı bütün azğınlıqlardan qoruyub həqq yolda sabit qədəm edər.
Peyğəmbər (s) buyurur: “Bismilləhir-rahmənir-rahim” demədən başlanılan bütün mühüm işlər sonsuzdur”.
Burada İmam Rza (ə)-dan çox maraqlı bir hədisi qeyd etmək yerinə düşərdi. İmam (ə) bismillahın bir mənasını da bu cür açıqlayır: “Mən özümü Allahın əlamətlərindən bir əlamətlə dağlayıram, o da ibadət dağıdır” (Ta ki, mən kimin bəndəsi olduğumu hamı bilsin). Imam Rza (ə) bu hədisdə “simə” kəlməsi işlədir. Ərəb ədəbiyyatçıları yazırlar ki, “ism” kəlməsi “simə” (və ya səmə) kəlməsindən götürülübdür, mənası isə dağlanmış, nişanə vurulmuş və tanınmaqdır. Yəni bismillah deyəndə Allah nişanəsi ilə dağlanmış olduğunu göstərməkdir. (Təbii ki, bismillah sözündə olan “ba” hərfi başlamaq mənasındadır).
Bu çox mühüm söz olduğuna görə Allah öz peyğəmbərinə nazil etdiyi ayədə tapşırır ki, İslamın təbliğini – bu ağır işi Allahın adı ilə başlasın –
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ “Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə.” “Ələq” surəsi, ayə 1. Biz görürük ki, digər peyğəmbərlər də bu cür olublar. Həzrəti Nuh (ə) o dəhşətli səfərə başlayanda öz səhabələrinə deyir:
وَقَالَ ارْكَبُواْ فِيهَا بِسْمِ اللّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ٌ “Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır).” “Hud” surəsi, ayə 41. Həzrəti nuh və səhabələri bu qorxulu səfəri salamatçılıq və bərəkətlə sona vurdular:
قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلاَمٍ مِّنَّا وَبَركَاتٍ عَلَيْكَ وَعَلَى أُمَمٍ مِّمَّن مَّعَكَ ٌ “(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en.” “Hud” surəsi, ayə 48.
“Tövbə” surəsi istisna olmaqla bütün surələrin bismillahla başlaması da bu tapşırığı bir növ təkid edir.
Imam Sadiq (ə) buyurur: “Çox olur ki, bizim tərəfdarlarımızdan bəziləri işlərinin əvvəlində bismillah deməyi unudurlar. Allah da onların ayılması, və onların bu xətaları əməl dəftərlərində yazılmaması üçün, işlərində narahatçılıqla üzləşdirir.”

Nə üçün biz işlərimizin əvvəlində bismir-rəzzaq deyil, bismillah deməliyik?

Çünki yeganə Allah kəlməsi bütün sifətləri özündə əks etdirir. Allahın digər adları onun sifətləridir:

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir, Qüddüsdür, Salamdır, Mömindir, Muhəymindir, Əzizdir, Cabbardır, Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır. “Həşr” surəsi, ayə 23. Qeyd olunan fikrin başqa bir dəlilidə kəlimeyi şəhadətdir. Görürük ki, burada da sifətlərlə deyil “Allah” kəlməsi ilə ifadə olunur.

Nə üçün “Bismillahir-rahmənir-rahim”də Allahın Rəhman və Rəhim sifətlərindən başqaları gətirilməyib?

Islami ədəbiyyata (Quran, hədis, dua...) azacıq diqqət etsək bu sualın cavabı aydınlaşır. Quranın dili ilə cavab versək:
وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ “... və rəhmətim hər bir şeyi əhatə etmişdir...” (“Əraf” surəsi, ayə 156)
Bu ifadə Allahın digər sifətlərinin heç birinin haqqında işlədilməyib.
Rəhman və Rəhim kəlmələri haqqında bir neçə nöqtə demək olar:
1 “Rəhman” sifəti Allahın ümumi rəhmətinə işarə edir. Yəni bu sifət həm kafirə, həm möminə, həm dosta, həm düşmənə... şamil olur. Biz də həyatda müşahidə edirik Allahın sonsuz rəhməti hamıya çatır və bütün məxluqat onun yaratdığı geniş ruzi və nemətlərdən bəhrələnir.
Lakin Allahın “Rəhim” sifəti mömin və saleh bəndələrə məxsusdur. Çünki bunlar İlahi hökmləri yerinə yetirib saleh işlər görməklə bu ləyaqəti qazanıblar.
2 Qurani Kərimə baxsaq görərik ki, “Rəhman” sözü həmişə mütləq (ümumi) şəkildə işlədilib, lakin “Rəhim” sifəti müəyyən yerlərdə xüsusiləşdirilib.
وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمً “...O, möminlərə daim rəhm edəndır.” “Əhzab” surəsi, ayə 43.
Həzrəti İmam Sadiq (ə): “Allah hər şeyin yaradanıdır (İlahıdır). Bütün məxluqata qarşı rəhmandır, ancaq möminlərə rəhimlidir.”
3 “Rəhman” Allaha məxsus adlardandır, başqasının haqqında istifadə olunmur, lakin “Rəhim” sifəti Peyğəmbərin (s) haqqında da işlədilibdir.
لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ “Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mehriban və rəhimlidir.” “Tövbə” surəsi, ayə 128.
4 Allahın “Rəhman” sifəti maddi nemətləri əhatə edir, “Rəhim” və sifəti isə mənəvi nemətləri əhatə edir. Həmçinin, “Rəhim” sifəti daimi, sabit və əbədi nemətlərə dəlalət edir. Başqa sözlə desək “Rəhman” sifəti dünyaya, “Rəhim” sifəti həm dünyaya, həm axirətə aiddir.
Bəli, Allahın Rəhməti hər şeyi əhatə edibdir.
Peyğəmbər (s) buyurur: “Allahın 100 rəhməti var. Onlardan yalnız birini yer üzünə nazil edərək bəndələri arasında bölüşdürübdür. Insanlar arasında olan məhəbbətlər o bir parça rəhmətin sayəsindədir. Lakin 99 hissəsini özünə saxlayıb ki, qiyamət günü bəndələrini Öz rəhmətinə qərq etsin.”
Ona görə dualarda deyirik: يا مَنْ وَسِعَتْ كُلَّ شَيْء رَحْمَتُهُ يا مَنْ سَبَقَتْ رَحْمَتُهُ غَضَبَهُ
“Ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan!” “Cövşən kəbir” duası, 19.
Qeyd etdiyimiz kimi, surələrin əvvəlində həmişə təkrarlanan bismillah bizə öyrədir ki, Allahın hakimiyyəti rəhməti əsasındadır bütün şərait və səbəblər cəmləşmədən, heç kəsi cəzalandırmır.
Gündəlik namazlarımızda ən az 60 dəfə “Rəhman” və “Rəhim” sözlərini təkrarlayırıq. Şayəd bu da bizim rəhmli və mərhəmətli tərbiyə olunmağımız üçün bir üslübdur. Mutəal Allah istəyir ki, dediyimiz zikrlər ruhumuza təsir bəxş etsin, bizim də mərhəmətimiz qəzəbimizdən öndə olsun. Varlıq aləminə, xüxusən birbirimizə qarşı mərhəmətli olaq.
وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ (Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır). “Əraf” surəsi, ayə 180.
Allahı bu gözəl adlarına and veririk bizimlə möminlərə xass olan rəhim sifəti ilə davransın. Amin!

(24) قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ (24) De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz». “Tövbə” surəsi, ayə 24.

Istifadə olunmuş ədəbiyyat:
Qurani Kərim.
“Əl Mizan” təfsiri
“Nümunə” təfsiri
“Nurus-səqəleyn”
“Məcməul-bəyan”
“Məfatihul-cinan”



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930