İslamda mövlud və əza məclisinin təşkili bidətdirmi?
Mьəllif: admin1
Tarix: 8-02-2018, 10:54
İslamda mövlud və əza məclisinin təşkili bidətdirmi?
Bəzilərinə görə İslam peyğəmbərinə (s) və İmamlara (ə) mövlud və əza məclisləri təşkil etmək, İslamın əsaslarından kənar bir iş və bidətdir.

Bəli, Bidət şəriətdə olmayan bir şeyi şəriətə – dinə nisbət verməkdir. Bu əməl haram və böyük günahlardan hesab olur.

Əziz peyğəmbərimiz (s) və İmamlara bu günlərdəki kimi mövlud bayramı və əza məclisi tutmaq İslam tarixində görsənməyən bir yenilikdir. Şəriətdə bu ünvanlarda mövzu yoxdur.

Ancaq bu ünvanlar İslamın bəzi qanunlarıyla tamamilə uyğun gəldiyinə görə, İslam bu ünvanları təsdiqləmişdir.

Bu yerdə dünyanın hər bir yerində mövcud olan cavanların “Əsgərlik” vəzifəsini misal gətirmək olar. Din və şəriətimizdə “Əsgərlik” adında qanun yoxdur. Eyni zamanda bu əməli bidət də hesab etmək olmaz. Çünki, şəriətin ümumi qanunlarıyla tamailə uyğun gəlir. Bu barədə qeyd olunan ayəyə diqqət edin.

Allah taala Quranda buyurur: “(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin.”

Düşmənin qarşısında görülən tədarük qüvvəsi hansı qüvvədir? İnsan necə qüvvə toplaya bilər? Məlumdur məsələdir ki, əsgərliyə getmək və ciddi proqramlar nəzərdə tutularaq, idmanla məşqul olmaq və müharibə taktikləri öyrəşmək, elə güc və qüvvə tədarükü görmək deməkdir.

İslam peyğəmbərinə (s) və İmamlara (ə) mövlud və şəhadət məclisi tutmaq da elə bu misalın göstəricisidir. Mümkündür İslamda belə bir bayramlar və əza məclislərinin qeydi qələmə alınmasın. Ancaq bu əməl şəriətin təsdiq elədiyi bir əməldir.

Bu əməl Məsumlara qarşı olan məhəbbətin sərgisi və onlara olan hörmətin əlamətidir. İslam peyğəmbəri (s) bir çox yerlərdə özünə və Əhli-beytinə (ə) qarşı olan məhbbətdən söhbət açmış, hətta bu məhəbbəti möminin özü və ailəsinə bəslədiyi məhəbbətdən üstün olduğunu söyləmişdir. Bununla kifayətlənməyən əziz Peyğəmbərimiz (s) bunu imanın əlaməti hesab etmişdir.

İslam peyğəmbəri (s) bu barədə belə buyurub: “Məni özündən, Əhli-beytimi ailəsindən çox istəməyən şəxs mömin deyil”. Əhli-beytə (ə) məhəbbət bəsləməyin vacibliyi barədə Allah-taalanın özünün xüsusi əmri vardır.

Necə ki, Şura surəsinin 23-cü ayəsində belə buyurub: “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.”

Bu iki müqəddəs kəlamdan belə başa düşülür ki, İslam peyğəmbərinə (s) və onun pak Əhli-beytinə (ə) məhəbbət və sevgi göstərmək, bütün məhəbbətlərin ən üstünüdür. İmam Sadiq (ə) Əhli-beytə (ə) olan məhəbbəti, hətta İslamın əsas təməli və rüknü olaraq tanıtdırmışdır. Necə ki, belə buyurub: “Hər bir şeyin əsası var, İslamın əsası isə biz Əhli-beytə (ə) olan məhəbbətdir”.

İslamın Əziz İslam peyğəmbərinə (s) və məsum İmamlara qarşı məhəbbət göstərməyin yerlərindən biridə onların şad günlərində şadlanmaq və əzalı günlərində isə əzadar olmaqdır.

Onların mövlud günlərində mərasimlər təşkil etmək və belə bir mərasimlərdə onların vəsfinə şer deyib, fəzilətlərini sadalamaq və İslam maarifindən söz açmaq qəlblərə şadlıq gətirərək məclis sahibinə qarşı olan məhəbbətin izharıdır.

Onların vücudunun necə də bərəkətli olması elə bu mərasimlərdə anlaşılır. Onlar üçün təşkil olan əza məclisləridə elə bu şəkildədir. Əza məclislərində Məsumların həyat tərzləri, Allah yanında olan məqamları, Allah yolunda göstərdikləri şücaət və fədakarlıqları barədə söhbətlər olar və onların şəninə mərsiyələr deyilər.

Bu əməllərin özü elə məhəbbət və sevginin əlamətidir ki, qarşı tərəfə olan sevgimiz, bizi sevdiyimiz şəxslərin şad günündə şad olmağa və qəmli günlərində isə qəmli olmağa məcbur edir.

Düzdür müasir tərzdə qeyd olunan mərasimlər haqqında İslamda xüsusi tapşırıq yoxdur. Bu əməli şəriətdən hesab etmək olmaz. Ancaq demək olar ki, bu əməl ümumi bir şəriət qanunun altında (Əhli-beytə (ə) məhəbbətin vacibliyi qanunu) yer aldığı üçün bidətdən uzaq bir işdir.

Bizlər Peyğəmbərə (s) və məsum İmamlara (ə) olan sevgi və məhəbbətimizi, onların şad və qəmli günlərində mərasim şəkilində ortaya qoyuruq.

Deməli, əziz Peyğəmbərimizə (s) və İmamlara (ə) mövlud bayramları və əza məclisləri tutmaq nəinki bidət deyil, bəlkə vacib bir əməlin (sevgi və məhəbbət göstərməyin) göstəricisidir.

Mənbə: Şura surəsi, 23-cü ayə, Cəfər Sübhani, Mənşuri əqaidi İmamiyyə, səh: 84. Şeyx Səduq, Əmali, səh: 334. Kuleyni, əl- Kafi, c 2, səh: 45

İlahiyyatcı Mahir Məhəmmədov


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930