Rəssamlığa yeni üslub gətirən ruhani Avropada nüfuzlu sərgiyə qatılacaq
Mьəllif: admin1
Tarix: 22-09-2016, 21:28
Rəssamlığa yeni üslub gətirən ruhani Avropada nüfuzlu sərgiyə qatılacaq
Ruhani alim Hacı Rizvan İsmayıl rəssamlığa verdiyi yenilik ilə tarixə düşüb. Bir çox dövlət məmurları, tanınmışlar ara-sıra Hacı Rizvanı ziyarət edər, ondan mənəvi qida alarlar. Onun yaratdığı rəsm əsərlərini Gürcüstanın qurum və təşkilatlarının divarlarında görmək olur.


İslamazeri.az ruhani rəssam Hacı Rizvan İsmayıldan Gürcüstanın Marneuli şəhərində müsahibə alıb.

Hacı, bildiyimiz kimi siz bu yaxınlarda Parisdə beynəlxalq sərgiyə dəvət almısınız, bu haqda...

Bəli, oktyabr ayının 21-dən 23-nə kimi Parisin Luvr (Louvre) muzeyində “Art Shopping”in təşkilatçılığı ilə keçiriləcək sərgi festivala dünyanın müxtəlif ölkəsindən 600 rəssam və qalereya qatılacaq. Biz də bu sərgiyə dəvət almışıq. Gürcüstan təmsilçisi kimi rəssamlığa gətirdiyim yeni üslubu, yeni cərəyanı - numerologiya və əbcədizmin Avropada təqdimatını etmək istəyirəm. Bu sərgidə 15-ə yaxın tablo və rəsm əsərini təqdim edəcəm.

Bu elm haqda oxucularımıza məlumat verməyinizi xahiş edirəm...

Numeralagizm və əbcədizm - qədim elm olan numeralogiya və əbcəd elmini rəssamlıqda tətbiq edərək, yeni bir cərəyan kimi sənətə gətirdim. Bunun Moskva şəhərində keçirilən “Beynəlxalq ənənələr və müasirlik” adlı festivalda təqdimatını etdik və rəssamlıqda yeni nəzəriyyə kimi mükafata layiq görüldüm. İnşallah, bunu Parisdə də təqdim etmək istəyirəm.

15 tablonuz təqdim olunacaq. Hamısı bu üslübdadır?

Bəli. Təqribən o üsluba həsr olunmuş və o üslubda işlənmiş 15-ə qədər tablo aparmaq istəyirəm. Ümumiyyətlə bu üslub rənggarlıq, memarlıq, heykəltəraşlıq, moda və müxtəlif sahələrdə tətbiq oluna biləcək genişsəpkili bir üslubdur. Bu, bizim ənənəmizlə, irsimizlə bağlı qədim bir elmdir. Çalışacam ki, dünyada tanıdaq. Eyni zamanda milli ornamentlərdən; naxışçılıq, xalçaçılıqdan götürülən naxışlardan və mənəvi düşüncəmizi, fəlsəfəmizi bu rəqəmlərdə ifadə edərək tabloda qeyd etmişik.

Mənəvi deyəndə, dini işarələr varmı?

Bəli. Burada bizim klassik ədəbiyyatımızdan, fəlsəfi düşüncəmizdən tutmuş dini etiqadımızın ifadələri olan rəqəmlərlə tablolar işləyirəm. Onların özünün də rəmzləşmiş şəkildə fikirləri ifadə olunur ki, bu da tamaşaçılar üçün düşündürücü və davamlı, illərlə baxılacaq və hər dəfə yeni kəşf olunacaq, yəni orada rəqəmlərlə tapılacaq fikirlər ifadə olunur. Ümumiyyətlə, yaşadığımız aləm rəqəmsal bir aləmdir, rəqamsal sistemdir. Çalışıram ki, rəqəmlərlə bu gözəllikləri rəssamlıqda yaradaq. Bu hadisə bizim Azərbaycan təsviri sənətində ikinci hadisədir. Rəssamlıqda ilk orijinal üslubu "Opalizma" adında yaradan Sakit Məmmədovdur. Opal daşının rəng çalarlarından ilham alaraq götürülmüş üslubdur. Onun tablolarına baxanda, sanki opal daşının çalarlarına, yəni Allahın yaratdığı o rəng sisteminə baxırsan. Bu ikinci hadisədir. Allaha çox şükr edirəm ki, mənə nəsib etdi. Azərbaycan və müsəlman rəssamı kimi bu üslubu dünyada tanıdacağıq. Və Qərb dünyasına göstərmək istəyirik ki, yəni “izm”lər təkcə Qərbdə yox, Şərqdə də yarana bilər. İstərdim ki, bu bizim gənc nəslə stimul olsun. Bizim çox böyük mənəvi, elmi, irsi potensialımız var ki, yeniliklər yaradıb dünyaya tanıda bilərik.

Numerologiya ilk dəfə harada tətbiq olunub?

Bu çox qədim elmdir. Numerologiya elminin bir neçə min il yaşı var. Yaranma tarixi dəqiq bəlli olmasa da, qədim Misirdə, Yunanıstanda, finikiyalılarda, Hindistanda və s. , həmçinin İslam dünyasında məşhur üslub olub. Qədimdə rəqəm olmadığına görə, rəqəm anlayışını riyaziyyatda hərflərlə ifadə edirdilər. Bəzi məlumatlara görə, sonradan 9 rəqəmli sistem Hindistandan İslam dünyasına sirayət edir. Bundan sonra İslam dünyası riyaziyyat elmini geniş inkişaf etdirir. Ardınca müsəlman riyaziyyat alimləri bunu Qərbə və dünyaya yayır. Qərb alimləri də bilir ki, rəqəm sistemi İslam dünyasından yayılıb.

Keçmişdə bəzi rəmzləri ifadə etmək üçün bu rəqəmlərdən geniş istifadə olunub. Həmçinin bundan əbcəd hesablamalarda da yararlanıblar. Eləcə də padşahlar arasında gizli yazışma kimi və müxtəlif məqsədlər üçün istifadə olunub. Yəni kainatda gedən bütün proseslər rəqəmlərlə ifadə oluna bilər. Bu nəzəriyyənin təkcə estetik yox, geniş elmi bazası olduğuna görə, düşündüm ki, rəssamlıqda tətbiq olunması yerinə düşər.

Təqdim olunan tablonun içərisində sirrlərin olduğunu bildirdiniz. Bunlar açıqlanacaqmı, yoxsa baxdıqda başa düşülməyəcək?

Adətən çalışıram ki, bunu tamaşaçıların ixtiyarına buraxım. Hər tablonun adı olur. Bu köməkçi vasitədir ki, tamaşaçı ondan açar kimi istifadə etsin və onun üzərində düşünsün. Eyni zamanda kataloq çap etməya hazırlaşıram. Kataloqun əvvəlində numeralogizm və əbcədizm üslubunun nəzəriyyəsi haqqında bir neçə səhifəlik yazı hazırlamışam. Bunu Gürcüstanın Mülki İxtiralar və Düşüncələr Departamentinin qeydiyyat səhifəsində də təqdim etdim. Orada iki səhifədən ibarət rəssamlıqda olan yeni fikrin nəzəriyyəsini yazdım. Bir aydan sonra mənə cavab verdilər ki, numeralogizm adlı nəzəriyyə Rizvan İsmail (rəssamın öz adı – red.) adına qeydiyyatdan keçdi. İnşallah, fikrim var ki, bunu Fransada da qeydiyyatdan keçirəm. Çünki bu işdə fikir oğruları ola bilər. Dünyada da çox yayılan bir məsələdir. Bizim populyar olmamağımız səbəb ola bilər ki, bu fikri başqaları mənimsəsin və problem yaransın. Bunun üçün diqqətli olmağa çalışırıq.

Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik...

Mən təşəkkür edirəm...

Rizvan İsmayıl Gürcüstanın Bolnisi rayonundakı Zolgüvəc kəndində anadan olub. 1990-cı ildə Əzim Əzimzadə adına incəsənət kollecini bitirib. O, Təbriz və Qum şəhərlərində ali dini təhsil alıb. Hazırda Marneulidə yaşayır. Ölkənin tanınmış ilahiyyatçılarındandır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930