Səid Nursi və nurçuluğun mahiyyəti
Mьəllif: admin1
Tarix: 16-04-2014, 20:08
Bцlmə: Bilirsinizmi?
Səid Nursi və nurçuluğun mahiyyəti


Və ya peyğəmbərlik, müqəddəslik sevdası

Səid Nursi kimdir?

Səid Nursi 1878-cü ildə Türkiyənin Bitlis vilayətinin Nurs şəhərində anadan olub. Rəsmi sənədlərdə adı Səid Okur gedib. İlk təhsilini böyük qardaşı Molla Abdullahdan alıb. 9 yaşında 1887-ci ildə Tağ kəndində Molla Mehmet Əmin Əfəndinin mədrəsəsinə gedib. Lakin 1 il sonra yenidən Nurs şəhərinə qayıdıb. Təbiət etibarilə şərəfini qoruması və hətta əmr şəklində deyilən ən kiçik sözə də dözə bilməməsi onun mədrəsədən ayrılmasına səbəb olub. Daha sonra bir çox mədrəsələrə də üz tutsada ən çox 3 ay Bəyazit mədrəsəsində Şeyx Mehmet Celalidən təhsil ala bilib. Araşdırma zamanı məlum olur ki, onun haqda yazılan məlumatlarda bu 3 aylıq dövrdə 15-20 illik təhsili başa vurduğu qeyd edilir. 3 aylıq təhsili boyunca tələbə yoldaşlarıyla və müəllimləriylə tez-tez mübahisə etdiyi qeyd edilir. Daha sonra Mir Hasan Veli mədrəsəsində Molla Fethullah Efendidən təhsil alıb. Lakin təhsil müddətinə aid bir məlumat verilmir.


Lakin 1895-ci ildən yəni təqribən 17 yaşından sonra hər hansı bir təhsil aldığı barədə məlumat yoxdur. Səid Nursi 1895-ci ildən Bitlis valisi Ömər paşanın, 1897-ci ildə isə Van valisi Hasan paşanın sarayında yaşayıb.

1925-ci ildən təxminən 6000 səhifədən ibarət 14 cildlik Risale-i Nur Külliyatını yazmağa başlayıb və 24 ilə bitirib.

Milliyyətçə kürddür. "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləri məhşurdur. 1960-cı il 23 martda Şanlıurfada vəfat etmiş, Urfa Xəlil-ül Rəhman Dərgahında dəfn edilmişdir. 1960-cı il 27 may ayında hərbi çevrilişindən sonra yeni Türkiyə hökumətinin qərarı ilə iyulun 12-də qəbri uçurulmuşdur və bilinməyən başqa yerə köçürülmüşdür.


“Tarixçeyi-Həyat” adlı əsəri

“Tarixçeyi-Həyat” adlı əsərində Səid Nursi yazır ki, 15-16 yaşlarına qədər bütün bilikləri sünuhat qəbilindən olub.
Sünuhat sözü bir şəxsin ağlına və xatirinə gələn şeylərə deyilir.

O, yarım ümmi (oxumaq yazmaq bilməyən) olduğunu iddia edərək, özünü ümmi olduğuna işarə edib.

“Tarixçeyi-Həyat”da özü haqda belə yazır, “Yarım ümmiyəm, bir saata ancaq bir səhifə yazını çox nöqsanlı yaza bilirəm.”

Səid Nursi “Risale-i Nur”u Allah tərəfindən ona ilham edildiyini, hətta bəzilərinin ərəbcə bəzilərinin farsca gəldiyini iddia edir.

Şüalar əsərində “Quranın gizli həqiqətləri Risaleyi-Nurla birlikdə bizə enir..”,
Sözlər əsərində isə “Bu bölüm ərəbcə gəldiyi üçün ərəbcə yazıldı” “Yəni bu münacat farsca qəlbə endirildiyindən farsca yazıldı” kimi ifadələrə yer verib.


“Risaleyi Nur” barədə...

Risaleyi Nur yuxarıda qeyd etdiyimiz kimi, 6000 səhifədən ibarət 14 cilddən ibarətdir. Səid Nursi ilə yanaşı onun “Nur tələbələri”nində fikirləri bu kitabda yer almışdır. Qeyd edək ki, Səid Nursiylə yanaşı tələbələrinin də fikirlərinin hansı əsərdə və hansı bölməsində yerləşdirilməsini, özünün razılığı ilə olmuşdur. Risaleyi Nur Təfsir kitabından daha çox onun əsərlərinin Allah tərəfindən göndərilməsini, müqəddəsliyini isbata çalışılan “yozma” kitabıdır. Bu barədə nümunələrdən özünüz biləcəsiniz.

“Mənə bildirildi, mən də yazdım.” (Kastomonu Lahikası)

“Sizi həm dünya əzabından, həm də axirət əzabından xilas edəcək həqiqəti bəyan etmək qəlbimə endirildi” (Şüalar)

“Daha yazılacaq çox qeybi işarətlər var, lakin izn verilmədi” (Sikkeyi Təsdiqi Qeybi)


Risaleyi Nur müqəddəsdirmi?

"Risaleyi Nur Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir... Risaləyi Nura kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz." (Sönməz Risaləsi)


"Risaleyi Nur"u Allah Qurani-Kərimdə imzalamışdır. Hz Məhəmməd başda olmaqla, Hz. Əli, Əbdülqadir Geylani, Mühitidin Ərəbi və o biri böyüklər də Risaleyi Nura imza qoymuşlar." ” (Sikkeyi Təsdiqi Qeybi)

"Risaleyi Nur peyğəmbərimizin risalətini yəni peyğəmbərliyinin bir mirasını ustada verər." (İman Həqiqətləri)

“Risaleyi Nura etiraz edənlər kəfənini boynuna keçirməli, rəzalətə bürünməli və mənəvi cəhənnəmə dünyada girməyi gözə almalıdır.” ” (Sikkeyi Təsdiqi Qeybi)

"Risaleyi Nuru oxumaq və ya yazmaq alim olmaq üçün kifayətdir, başqa məlumata ehtiyac yoxdur." (Nur meyvələri)


Risaleyi Nurda ”Nur tələbələri” haqqında cəfəngiyyatlar

“Risaleyi Nuru həyat qayəsi edən Nur tələbələrinin yüz adam qüvvəsində olduğu və yüz kitab kopyası çıxardan qədər islama və imana xidmət etdiyi əhli-həqiqət tərəfindən qəbul və təsdiq edilmişdir.” (Tarixçeyi Həyati)

“Qardaşlarım bu günlərdə biri Risaleyi Nur tələbələrinə, digəri isə özümə aid iki məsələ endirildi....Risaleyi Nurun sadiq tələbələri imanla qəbrə gedəcəklər və Cənnət əhli olacaqları qüdsi bir müjdə və qüvvətli bir bəşarətlə göstərilmişdir.” (Kastamonu Lahikası)


Təhrif?...

Səid Nursi özünün və “Risaleyi Nuru”n doğruluğunu isbat etmək üçün əbcəd və cifr hesabları kimi batil metodlardan istifadə etməyə çalışıb. Əbcəd və Cifr hərflərə, kəlimələrə müxtəlif rəqəm dəyərlərinin verilməsiylə, guya hansısa qeybi sirlərə və elmlərə yiyələnmək üçün istifadə edilən metoddur. Səid Nursi bu metodla Quran ayələri üzərində oynayaraq,özünü və Risaleyi Nuru müqəddəsdirmək üçün istifadə edib.

Bir neçə nümunə:

1) “Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.” Ənam surəsi 122-ci ayəsi haqqında Şüalar əsərində belə yazır:

“Bu ayənin rəmzi lətifdir. Çünki həm qüvvətli mənəvi gücə, həmdə Cifrə görə bu ayə Risaleyi Nura və müəllifinə baxır. Belə ki, Meytən (ölü) kəliməsi və Səidün Nursi cifrə görə hər ikisi 500 edir. Səidün Nursi ölü idi və Risalatün Nur ilə dirildildi.”


2) ”"... O, iman gətirənlərə hidayətdir və şəfadır” Fussilət surəsinin 44-cü ayəsi barədə Şüalar əsərində belə yazır:

“Bu ayənin cifri hesabında yeri 1346 ədədinə müvafiq gəlir. Buda “Risali-n Nur”un 1346 ədədinə müvafiqdir.”

Beləliklə Quran ayəsinin Risaleyi Nura işarə etdiyini isbat etməyə çalışır.


3) “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır” Əl-İmran surəsinin 19-cu ayəsi barədə isə “Tilsimlər Məcmuası” əsərində belə yazır:

İnnət dinə indallahil İslam=549
Resailin-Nur=548 , Əlifsiz Ləmsiz=549

Diqqət edilməli məqam budur ki, Səid Nursinin bu metodu hətta əbcəd və cifrə uyğun gəlməyəndə, ürəyi istədiyi kimi ərəb hərflərinin işarələrində də məqsədinə çatmağa çalışılıb. Məqsəd isə onun yazdığı kitabın isbat edilməsidir.

Səid Nursi Risaleyi Nurda özü və əsəri üçün müvafiq olaraq “Said i Nursi”, “Said un Nursi”,”Molla Said”, “Saidi Kürdi”, “Bədiuzzaman” və “Risale İ Nur”, “Resail-in-Nur”, “Risalet-in Nur”, “Risale-in-Nur”, “Risaletun-Nuriyyə” adlarından istifadə edir. “Risale-in-Nur” ifadəsi nə türk dilində, nə fars dilində, nə də ərəb dilində yoxdur.

Adlardakı bu fərqlilik isə sayların əbcəd və cifr metodlarının uyğun gəlməsi üçün məqsədyönlü istifadə edilib. İstənilən sayı əldə edə bilmək üçün istədiyi zaman miladi, hicri və rumi təqvimlərindən istifadə edilmişdir.

Seymur İsmayıl

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930